Türkiyə və ABŞ Arasında Növbəti Qalmaqal

Türkiyə və ABŞ Arasında Növbəti Qalmaqal


ABŞ hərbçilərinin türk ailələrinin uşaqlarını satın alıb öz ölkələrinə apardığı, adlarını, dinlərini dəyişdirdikləri ortaya çıxıb və bu fakt Türkiyədə böyük qalmaqala səbəb olub.

Oxu.Az-ın xəbərinə görə, bugünlərdə Türkiyənin Adana şəhərində iki qardaşın çox kiçik yaşlarda olarkən “İncirlik Üssü”ndə xidmət edən yüksək vəzifəli ABŞ-lı hərbçiyə pul qarşılığında satıldıqları ortaya çıxıb.

Bu fakt üzə çıxdıqdan sonra isə  “İncirlik”də yaşayan digər türk vətəndaşları bununla bağlı açıqlamalar verməyə başlayıblar.

“İncirlik Üssü”ndə xidmət edən ABŞ-lı bir hərbçi qadının evinə gəlib, o zaman 1.5 yaşında olan qızını həyat yoldaşından pul qarşılığı istədiyini deyən Mahmut Açar mətbuata açıqlamasında bildirib:

“Həyat yoldaşım mənə ABŞ-lı qadın hərbçinin qızımı satın almağa gəldiyini söylədi. O an sanki beynimdən vurulmuşa döndüm. Bir insan övladını necə satar? Dünyanı versələr belə, övlad satılarmı? Övladını satan insanın dəli olması lazımdır. Ümumiyyətlə, ABŞ-lı hərbçilər pul qarşılığında çox sayda uşaq satın alıb, ölkələrinə aparırdılar. Yenə deyirəm, mənim qızımı da istədilər, amma vermədim, satmadım…”