Azərbaycanlı İş Adamının Həbsi Geniş Müzakirələrə Səbəb oldu

0
15

Samarada 3 nömrəli bazar işi: Kənan İsayev niyə həbs edildi, pərdəarxasında kimlər var?

(Araşdırma yazısı)

Samara şəhərində fəaliyyət göstərən azərbaycanlı iş adamı, 3 saylı meyvə-tərəvəz bazarının müdiri Kənan İsayevin həbsi regionda yaşayan azərbaycanlı icması arasında ciddi rezonans doğurub. Artıq bir həftədən çoxdur ki, Teleqram platformalarında bu məsələ ətrafında kəskin mübahisələr gedir, qarşılıqlı ittihamlar səsləndirilir və suallar cavabsız qalır.

Məlumata görə, 2025-ci ilin dekabrında Samara vilayətinin Kirovski Rayon Məhkəməsi K.İsayev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirini həbs qətimkan tədbiri ilə əvəz edib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi – xüsusilə külli miqdarda dələduzluq ittihamı ilə təqsirləndirilir. Cinayət işinin detalları istintaq sirri kimi açıqlanmır.

Formal müdir, yoxsa real idarəçi?

İşin ən çox müzakirə olunan tərəfi Kənan İsayevin 3 nömrəli meyvə-tərəvəz bazasındakı real statusu ilə bağlıdır. Samarada yaşayan azərbaycanlılar arasında yayılan iddialara görə, İsayevin “müdir” vəzifəsi formal xarakter daşıyıb, bazanın faktiki idarəçiliyi isə başqa şəxslərin nəzarətində olub.

Teleqram müzakirələrində tez-tez adı hallanan şəxslərdən biri Şirvan Kərimovdur. İddialara əsasən, Ş.Kərimovla yaxın münasibətləri hər kəsə bəlli olan Kənan İsayevin həbsi məhz bu əlaqələr fonunda suallar doğurur. Hətta bəzi istifadəçilər Kənan İsayevin naməlum səbəblərdən qurban seçildiyini və bu prosesdə üçüncü şəxslərin maraqlarının ola biləcəyini iddia edirlər.

Şirvan Kərimov: “Bizneslə əlaqəm yoxdur”

Adının məhkəmə işi ilə bağlı qeyri-rəsmi şəkildə hallandırılmasına münasibət bildirən Şirvan Kərimov ittihamları qətiyyətlə rədd edir. O, saytımıza açıqlamasında bildirib ki, hüquqşünas statusu ona kommersiya fəaliyyəti ilə məşğul olmağı qadağan edir.

Şirvan Kərimov:

“Mənim nəinki meyvə-tərəvəz bazam, heç bir ticarət köşkum belə yoxdur. 2001-ci ildən kommersiya fəaliyyəti ilə məşğul olmuram. Yalnız vəkil, hüquq müdafiəçisi və ictimaiyyətçi kimi fəaliyyət göstərirəm. Kənan İsayev təşkilatımızın Himayədarlar Şurasının üzvüdür. Onun böyük qardaşı Baynur İsayev vəfat etdikdən sonra anası Maisə xanım Kənanı mənə etibar edib.”

Kərimovun sözlərinə görə, 3 nömrəli meyvə-tərəvəz bazasının əsas mülkiyyətçiləri Koçetov Eduard Anatoliyeviç və onun keçmiş həyat yoldaşıdır. Kənan İsayev isə bazanı sahiblərindən icarəyə götürərək fəaliyyət göstərib və bir neçə ortağı olub.

Bazar, diaspora və suallar

Maraqlı məqamlardan biri də odur ki, Samara şəhərində fəaliyyət göstərən “Samara Azərbaycanlılarının Liqası” (LASO) 2003-cü ildə məhz 3 nömrəli meyvə-tərəvəz bazasının ərazisində yaradılıb. Təşkilata yarandığı gündən etibarən Şirvan Kərimov rəhbərlik edir.

Bu faktlar fonunda ictimaiyyət arasında belə suallar yaranır:

Kənan İsayev bazarın real idarəçisidirmi, yoxsa formal fiqurdur?

Cinayət işində adı çəkilməyən, lakin müzakirələrdə hallanan şəxslərin rolu varmı?

Həbs qərarı yalnız hüquqi əsaslara söykənir, yoxsa prosesin pərdəarxasında başqa maraqlar mövcuddur?

Hazırda istintaq davam edir və rəsmi qurumlar əlavə məlumat açıqlamayıb. Məsələyə hüquqi qiymətin məhkəmə tərəfindən veriləcəyi gözlənilir.