“Azərbaycan bizdən üstündür” – Ermənistanı gözləyən BÖYÜK TƏHLÜKƏ
“Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanun Ermənistanda emiqrasiyanı gücləndirəcək.
Bu barədə erməni politoloq Ara Papyan deyib.
Qeyd edək ki, Ermənistan müdafiə naziri Viqen Sarisyanın təşəbbüsü ilə “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna dəyişikliklər edilib. Yeni qanuna görə, təhsilini davam etdirmək istəyən tələbələrə orduda xidmət möhləti hüququ ləğv olunub. Yalnız tələbə Müdafiə Nazirliyi ilə müqavilə bağlayacağı təqdirdə ona möhlət hüququ verilə bilər. Lakin möhlət hüququ almış tələbə təhsilini başa vurandan sonra 3 il hərbi xidmət keçməlidir. Bu qanun qəbul ediləndən sonra tələbələr İrəvan küçələrində etiraz aksiyaları keçirtdi, amma onların etirazı nəticəyə təsir göstərmədi. Erməni ekspertlər hesab edirlər ki, möhlət hüququnun ləğvi orduda çağırışçılarla bağlı problemi aradan qaldırmaq və əsgər çatışmazlığını ört-basdır etməyə hesablanıb.
A.Papyan qeyd edib ki, bu qanun ədaləti tam bərpa etməyəcək.
“Onsuz da müxtəlif yollarla hərbi xidmətdən yayınanlar yenə olacaq. Fikrimcə, hərbi xidmət keçməyən insanların vəzifə tuta bilməcəyəi haqda qanun hazırlanmalıdır”, – deyə o bildirib.
Papyan Azərbaycanın üstünlüyünü də xüsusi vurğulayıb: “Problem ondadır ki, bu gün texnologiya inkişaf edir, lakin biz ordunu insanlar hesabına möhkəmləndirmək istəyirik. Ən əhəmiyyətli itki insan itkisidir. Bu məsələdə Azərbaycan olduqca üstündür, çünki orada əsas ağırlıq texnologiyaya verilir. Digər tərəfdən, Ermənistan ordusunda ədalət anlayışı yoxa çıxır. Bu da əsas amillərdəndir”.
Mənbə: publika.az