Tarixi hadisə olan Bakı-Tbilisi–Qars dəmir yolu layihəsinin reallaşması Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi sayəsində mümkün oldu. Bakı-Tbilisi–Qars dəmir yolunun açılışı olduqca əlamətdar hadisədir. Bu layihənin iqtisadi əhəmiyyəti qədər ondan heç də az olmayan geostrateji əhəmiyyəti də var.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
Hikmət Babaoğlu deyib ki, əslində bu layihə təqribən yüz il əvvəl bir-birindən süni şəkildə ayrı salınmış mühüm regional iqtisadi regionu birləşdirməklə onun inkişafına, bütövləşməsinə və inteqrasiyasına şərait yaratdı. Mərkəzi Asiyadan qərbə doğru uzanan vahid geoiqtisadi və geosiyasi məkan ötən əsrin əvvəllərində Ermənistan adlı süni dövlətin yaradılması ilə bir-birindən qoparılmışdı. Beləliklə, Orta Asiyanın davamı kimi Qərbə doğru uzanan Kiçik Asiya və Anadolu mənsub olduğu etnosiyasi coğrafiyadan ayrı düşməklə orada baş verən iqtisadi-mədəni proseslərdən kənarda qalmışdı. Nəticədə bütöv bir orqanizmi kimi fəaliyyət göstərən mühüm regionun iqtisadi və kulturoloji landşaftı pozulmuşdu ki, bu da regionun iqtisadi potensialının və inteqrasiya meyillərinin qarşısında başlıca maneəyə çevrilmişdi. Bakı-Tbilisi–Qars dəmir yolu, ilk növbədə, bu bütövlüyü bərpa etməklə sıçrayışlı iqtisadi inkişaf və inteqrasiya üçün əsaslı platforma yaratdı. İkincisi, bu layihə tarixi İpək Yolunun ən mühüm həlqəsi kimi Cənub–Şərqi Asiyadan başlayan və Avropaya qədər uzanan iqtisadi zənciri yenidən bərpa etdi ki, bu da layihənin qlobal layihə kimi səciyyələndirilməsini şərtləndirir. Bundan başqa, nəqliyyat dəhlizi üzərində olan çoxsaylı dövlətlərin iqtisadi əməkdaşlığı üçün optimal və səmərəli platforma yaradır ki, bu da özlüyündə iqtisadi canlanmanı təmin etməklə həm də mühüm siyasi tərəfdaşlıq mühiti yaradır.
“Ölkəmiz üçün bu layihənin strateji əhəmiyyətindən biri də odur ki, layihə işğalçı Ermənistanın regionda geostrateji əhəmiyyətini daha da azaltmaqla onun ətrafında siyasi və iqtisadi təcridetməni dərinləşdirir. Bu fakt isə gələcəkdə onu daha da zəiflətməklə faktiki olaraq regionda baş verən iqtisadi və siyasi proseslərin autsayderinə çevirir”, – deyə H.Babaoğlu qeyd edib.
Milli Məclisin deputatı bildirib ki, Bakı–Tbilisi–Qars dəmir yolunun işə düşməsi həm də Orta Asiya respublikalarına iqtisadi müttəfiqlik vəd edir, onlar üçün Azərbaycan və Türkiyə ərazisindən Qərbə doğru yeni strateji marşrut açmış olur. Yəni, onların bu vaxta qədər yalnız Şimaldan Qərbə olan çıxış imkanlarına əlverişli və maneəsiz alternativ yaradır. Başqa mühüm məsələlərdən biri də odur ki, layihə gələcəkdə Azərbaycanın mühüm strateji regionlarından biri olan Naxçıvan Muxtar Respublikasının Ermənistanın blokadasından çıxarılması üçün yaxşı perspektivlər vəd edir. Yəni, bu dəmir yolu Qarsdan Naxçıvana qədər uzanmaqla onun inkişafına və Türkiyə ilə Azərbaycan arasında körpü rolunu oynamasına yeni imkanlar yarada bilər. Bu mühüm strateji məsələlərlə yanaşı, layihənin sırf iqtisadi göstəriciləri də olduqca əhəmiyyətlidir. İlkin mərhələdə ölkəmizin ərazisindən beş milyon ton, gələcəkdə isə 15-17 milyon ton yükün, bir milyon konteynerin, təqribən bir milyon sərnişinin daşınması həm mühüm iqtisadi hadisə, həm də böyük turizm hadisəsi olacaq. Bütövlükdə bu mühüm nəqliyyat dəhlizi özünün ətrafında olduqca cəlbedici və nadir iqtisadi, maliyyə mühiti yaradacaq. Bu isə regionumuzda qlobal kataklizmlərdən qorunmaq üçün özünəməxsus siyasi sabitlik çətiri formalaşdıracaq.