Mən dakka, dukka və ya Fransanın bayrağındakı qan

0
3086

İsmət İnönü deyirdi ki, “Namuslu insanlar ən az namussuzlar qədər cəsur olmadıqca, müvəffəqiyyət qazana bilməzlər”.

Dünən ingilis, sırağagün holland, bu gün isə fransız olanlar qarğa sürüsü kimi Fransadakı terrorla bağlı nisbətən fərqli söz deyənin üzərinə hücum edirlər. Bir çox vətənsevər də abırlarına qısılıb, susurlar.

Əsla susmayın!!! Bunlar ağaları kimi qorxaqdırlar, üstlərinə getdiyin zaman siçan deşiyi axtaracaq, ancaq susduğunuzda özlərini əjdaha sayacaq qədər axmaqdırlar.

Haqq bildiyinizi söyləməkdən çəkinməyin.

Biz terrorun hər növünü, Fransanın dəstəklədiyini də, dəstəkləmədiyini də lənətləyirik.

Ancaq Qarabağda erməni ilə birlikdə bizə qarşı döyüşən, tarix boyunca erməni diasporunun hamisi olan, “erməni soyqırımı yoxdur” deməyi cinayət sayan, Asalanın, PKK-nın, Daşnaksütyunun beşiyi olan Fransanın yanında ola bilmərik.

Buraxın, biz də o insanlıqdan uzaq olaq.

Türkün bayrağındakı qırmızı vətənini qorumaq yolunda verdiyi şəhidlərin qanıdırsa, Fransanın bayrağındakı qırmızı Əlcəzairdə və dünyanın dörd bir yanında axıtdığı günahsız insanların qanıdır.

8 ildə Əlcəzairdə toplam 1,5 milyon insan öldürərək, gündə 513 nəfərin həyatına son qoyan Fransaydı. Həm də çox uzaq tarixdə deyil, 1954-1962-ci illərdə.

Fransa üçün göz yaşı tökənlərə bu bölümü oxumalarını xahiş edirəm ki, bəlkə ürəklərinə su səpilə:

Dövrün “La Croix” jurnalı müxbirlərindən olan Jacques Duquesne işgəncələr haqqında belə yazır: “İşgəncə və insanların itməsi problemləri beyinləri davamlı şəkildə məşğul edirdi. Kişilər, bəzən də qadınlar həbs olunur və daha sonra onlardan heç bir xəbər olmurdu. Cəsədlərinin daş bağlanaraq dənizə atıldığı bilinirdi. Saylarının 3 mindən artıq olduğu irəli sürülürdü, amma Əlcəzair bələdiyyə başçısı Jacques Chevallier, 5 mindən artıq bir rəqəmdən bəhs edirdi. Fransız əsgərlərin təzyiq və sındırma üsullarına namusa təcavüz və kəndləri tamamilə məhv etmək kimi əməlləri də daxil idi. Bir əsgərin söylədiyinə görə, həkim kimi işlədiyi hərbi hissədə demək olar ki, gün ərzində işgəncəyə məruz qalmış şəxsləri müalicə edirmiş. Demək olar ki, hər yerdə ən çox tətbiq olunan işgəncə üsulu isə, qadınların cinsi orqanları da daxil olmaqla bədənin hər yerinə elektrodlar yerləşdirilərək cərəyan vermək idi. Digər işgəncə üsulları isə insanı yox etmək məqsədi daşıyırdı. Qurbanın ya xortumla ağzının içinə su vurulur, ya dırnaqları çıxarılır, ya başı su dolu ləyənə salınır, ya da ayaqları çətinliklə yerə dəyəcək şəkildə saatlarla biləklərindən asılı saxlanması təmin edilirdi. Bu hələ işgəncə üsullarından bəziləridir. Bütün bunları yazmaq asan deyil. Mən bildiklərimin yalnız çox az qismini söylədim.”

Ərəblər belə yerdə deyirlər ki, mən dakka dukka(Vuran vurulur). Yəni, alma məzlumun ahını, çıxar ahəstə-ahəstə.

Orta Şərqin yenidən qan gölünə çevrilməsinə səbəb olan “Ərəb baharı”nın memarlarından biri Fransa deyildimi?

Afrikanın ən parlaq ölkəsi Liviyanı xarabaya çevirən ölkə Fransa deyildimi?

Üstəlik, madam bu qədər insan həyatına qarşı duyarlısınız, çox qısa müddət əvvəl qardaş Türkiyədə terror baş verdi. Nə üçün o zaman terroru lənətləmirdiniz?

Hər gün Hələbdə, Bayırbucaqda, Mosulda qanı-canı bizdən olan türkmənlər şəhid olurlar. Çoxunuzun Türkmənelinin bayrağının olduğundan belə xəbəriniz yoxdur.

Doğu Türküstanda türklərin durumu sizi narahat etmir.

Fələstin məsələsi ortaya gəlincə, Ərəfatın ermənipərəstliyindən danışırsınız, ancaq mövzu Fransa olunca, “insanlığımız” tutur…

Biz diplomat deyilik ki, sözlərimiz diplomatik kirzisə səbəb olsun…

Biz siyasətçi də deyilik ki, gələcək üçün əndişələnib, doğrunu deməkdən imtina edək…

Ən az Qərbin heyranlarl qədər sərbəst olun və ürəyinizdən gələni deyin…

Üç rəngli bayrağımızı bir dəfə qaldırmayıb, əvəzində Fransanın bayrağını, “Çarlz Hebdo”nun loqosunu profil şəkli edənlər qədər rahat olun..

P.S. Bu gün Livanda canlı bomba onlarla günahsız insanı qanına qəltan etdi. Ancaq Livanın bayrağını axtarmaq əziyyətinə qatlanmayın. Necədə olsa, Yaxın Şərqdə hər gün Parisdə dünən ölənlər qədər insan ölür. Viktor Hüqo necə demişdi, “Parisdə bir adam öldürülürsə, bu bir cinayətdor. Şərqdə əlli min insanın boğazı kəsilsə, bu sadəcə bir məsələdir”.

P.P.S. Paris Kobani deyil ki, beş yerdə birdən terror hadisəsi olsun və fransız xüsusi xidmət orqanları bundan xəbər tutmasın. “Xəbər tutmamışsa”, doğrudan da 14 noyabr Fransanın 11 sentyabrıdır. 11 sentyabr necə ABŞ-ın Əfqanıstan və İraqı cəhənnəmə çevirməsinə “səbəb” təşkil etmişdisə, 14 noyabr da Suriyadan Avropaya gələn “böyük köç”ün önünün kəsilməsinə “səbəb” sayılacaq.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.