Millət Polad Bülbüloğlunun “Viaqra”sını Niyə Sayır? “Sistem Toxunulmazlığı” İlluziyasının Doğurduğu Qəzəb

0
372

 


Bu Günlərdə Polad Bülbüloğlu evləndi və bu xəbər sosial mediada partlayış yaratdı.Ən az bir milyon baxış toplayan xəbərdə əksəriyyət kin püsgürdü. Uzun zamandır ana dilimizin “bilmədiyimiz məziyyətlərindən” faydalanan xalqımızın yazıcısı Çingiz Abdullayev bu dəfə də gizli missiyasının verdiyi məsuliyyətlə “ölməyib utanmaxdan” cəmiyyətə “savadsız ( alt qatı mədəniyyətsiz) kütlə” yarlığını yapışdırdı. Hadisə bu. Mən də bu hadisəyə açıqlama gətirmək məcburiyyətini ictimai borç kimi hiss edərək yazıram. Çünki mənim qənaətimə görə ( zatən görünən dağa nə bələdçi) 44 Günlük şərəfli Vətən Müharibəsindən sonra iktidara və şəxsən İlham Əliyevə bu iki fiqur qədər ağır zərbə vuran olmamışdı. İzahını da verim: Legitimlik və mənəvi kapitalın bir-birini birbaşa qidalandıran, biri olmadan digərinin uzunömürlü ola bilmədiyi iki ayrılmaz anlayış, hakimiyyətlə assosiasiya olunan, dövlət ordenləri daşıyan və parlamentdə oturan “vitrin simaları” cəmiyyət tərəfindən təkəbbürlü, xalqa yuxarıdan baxan və milli dəyərlərə laqeyd fiqurlar kimi qəbul edildikdə aşınmaya məruz qalır. Hansı ki, yaşadığımız son hadisələr bunun ən bariz isbatıdır. Və cəmiyyət tərəfindən sərgilənən bu mənfi münasibət isə birbaşa onları irəli çəkən, müdafiə edən sistemə proyeksiya olunur. Tanınmış simaların ictimai qınağa məhəl qoymaması və hətta xalqı təhqir etməsi (Çingiz Abdullayev örnəyi) cəmiyyətdə “bunlara hər şey olar, arxalarında güc var” təsəvvürünü gücləndirir. Təbbi ki, bu gücü də iqtidarın onlara verdiyi imtiyazlardan qazandıqlarını düşünürlər və bu düşüncədə də haqlıdırlar. Bu isə cəmiyyətdə ədalət hissini zədələyir və dövlət institutlarına olan etimadı minimuma endirir. Tarixən ziyalılar və ictimai xadimlər dövlətlə xalq arasında körpü, bufer rolunu oynayıblar. Onlar həm xalqın dərdini yuxarı çatdırmaq -səsləndirib ictimailəşdirmək ( Xalq artisti Zeynəb Xanlarovanın Parlamentdə dənizin hasarlanması ilə bağlı çıxışı) , həm də dövlətin ideoloji xəttini xalqa sevdirmək missiyası daşıyıblar. Onlar-ziyalı və ictimai xadimlər konkret olaraq hakimiyyətlə xalq arasında körpü missiyası daşıyırlar. Əgər bu simalar xalqın gözündən tamamilə düşürsə həmin körpü dağılır. Gələcəkdə hər hansı bir böhran anında dövlətin xalqa təsir edə biləcək inandırıcı, hörmətli söz sahibləri qalmır.

Kollektiv Narazılığın Dərinləşməsi

Qısamüddətli planda hakimiyyət üçün heç bir birbaşa təhlükə görünməyə bilər (proses sosial şəbəkələrlə məhdudlaşır). Lakin bu cür hadisələr cəmiyyətin yaddaşında toplanır. Və hər bir belə saymaz addım cəmiyyətin dövlət institutlarına olan daxili bağlılığını bir qədər də qoparır. Nəticədə, milli anlayışlar, xalq-dövlət birliyi kimi cəmiyyətin qutsal dəyərləri bu cür elitist davranışların fonunda zədələnir və sadəcə formal ritorikaya çevrilir. Nəticədə hakimiyyətin legitimliyinə, ictimai nüfuzuna və sosial dayaqlarına ciddi zərər vurulur. Eynən indiki kimi!
2022-ci ildə AYB XIII Qurultayına ayrılmış bütçə ilə bağlı verilən suala əsəbiləşən Çingiz Abdullayev özünün yarım- yamalaq, illərdir tutduğu vəzfənin məcburiyyətini göz ardı edərək öyrənmədiyi və ya öyrənmək istəmədiyi ana dilində qurduğu cümlə ilə gülüş və qəzəb obyekti oldu. Çingiz Abdullayevin imkanlarından daha doğrusu iqtidarın “qızıl məcməyidə” ona təqdim etdiklərindən isə danışmayaq. Və ya təkcə onu xatırladaq ki, I katib və əsas idarə edən şəxs olaraq ata mülkü kimi istfadə etdikləri məkan dövlətın balansında olan bina. Əlindəki inzibati ve təşkilati rəhbərlikdən qaynaqlı faaliyyətinə, beynəlxalq bağlantılarına və ictimai layihələrinə liderlik etdiyi AYB -yə illik dövlət dotasiyası: Dövlət büdcəsinin “Mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələri” xərcləri bölməsinden 800 000 – 1 000 000 manat civarında vəsait ayrılır. Yani əkmək eldən, su göldənş Və bu Xalq yazıcısı xalqa “ölmürsüz utanmaxdan” kimi ömürlük üz qarası olan replika atır, Polad Bülbüloğlunun hələ gündəmdən düşməyən “evlənmək” hadisəsində özünü müdafiəçi rolunda görüb “savadsızlar” yarlığını göndərir. Məhz bu göndərmələr və bu evlənmə məsələsi ziyalı ilə cəmiyətin qopduğu nöqtədir. İncəldiyi yerdən qopar ok. Amma ziyalı iktidar və xalq arasındaki körpünü uçurarsa o uçqunun altında qalan, yuxarıda qeyd etdiyim kimi iktidarın legitimliyi olur. Bir az daha açıq yazım: belə olaylarda uçulub dağılan “xalq-dövlət birliyi”dir.

Polat Bülbüloğlunun şəcərəsini, indiyə qədər daşıdığı vəzifələri xatırlatmadan, onun dünya şöhrətini inkar etmədən Azərbaycan mədəniyyətindəki yerinə nəzər salırıq. Sadəcə onu qeyd edim ki, intellektual müstəvidə ictimai xadimin- yazıçının, düşüncə və ya incəsənət adamının, sənətkarın cəmiyyətdə bandor qüvvəti tutduğu mövqedən, vəzifədən deyil (örnək: Məmməd Araz, Musa Yaqub, Güney Azərbaycan üçün Şəhriyar), onun mənəvi kapitalından qaynaqlanır. Ləyaqətli, konyunkturadan kənar duruşu və zədələnməmiş mənəvi sərhədləri olan bir aydının xalqın düşüncəsindəki legitimliyi istenilən inzibati statusdan qat-qat güçlü olur.
Polat Bülbüloğlu sıradan bir vətəndaş kimi ailə qurub. Hətta havaya atmaq üçün bir cüt göyərçinə 30 min dollar verməyib, fantastik qonararla dünya ulduzlarını bir ağız oxumaq üçün Bakıya dəvət etməyib. Azərbaycan Parlamentində Mədəniyyət komisiyasının üzvünün 81 yaşının olması da cəmiyyət üçün problem deyil. İnsan 100 yaşında da evlən bilər təbii ki. Problem şəcərəsinə, mənəvi kapitalına güvənərək ona verilən imtiyazlar, imkanlardı. Polat bülbüloğlu da uzun illər hakimiyyət-xalq münasibətlərindəki vasitəçiliyinə “güvənib” Azərbaycan mədəniyyətinin tam ortasına “kaka” (sayıb bitirə bilməyəcəyimizdən muzeylərimizin yağmalanması və Xeoroqrafiya Məktəbinin səhnəsinin satılması faktını xatırlatsaq yetər) etməsidir. Haklı olaraq da cəmiyyət əlindəki sosial paylaşım platformalarından istifadə edərək Polat Bülbüloğlunu müzakirəyə çıxarır və danabaş bir yazar çıxaraq bilmədiyi ana dilində xalqı “savadsız” diyə təhqir edir. Yəni fikrinin alt qatı: mədəniyyətsiz.
Sosial iyrənclik hissinin tətiklədiyi cəmiyyət Polat Bülbüloğlunun evlənməsini təkcə bir insanın şəxsi seçimi kimi görmür. Bunu dövlətin və xalqın verdiyi bütün titulları daşıyıb, kürsüləri qamarlayıb, xalqın ən həssas dəyərlərinə tüpürmək kimi qiymətləndirir. Məhz buna görə də reaksiyalar adi bir dedi-qodu səviyyəsindən dərin mənəvi etiraza və qəzəbə çevrilib.
Ziyalı və ictimai xadim öz həyatını yalnız şəxsi azadlıq çərçivəsində yaşaya bilməz; çünki o, cəmiyyətin gözü qarşısında rəmzi bir fiqurdur. Uzunmüddətli perspektivdə bu cür hərəkətlər və saymazlıq hakimiyyətin legitimliyinə, ictimai nüfuzuna və sosial dayaqlarına ciddi zərər vurur. Yoxsa millətin işi-gücümü yoxdur ki 81 yaşında evlənən Polad Bülbüoğlunun hansı aptekdən hər gün neçə ədəd “Viaqra” aldığını hesablasın?