Azərbaycanı mədəni soyqırımda qınayan erməni Simon Maghakyan və Sarah Pickman Əkrəm Əylisliyə istinad ediblər
“The Guardian” qəzetinin 1 mart 2019 tarixli sayında Dale Berning Sawa adlı jurnalistin “Monumental itki: Azərbaycan və ’21-ci əsrin ən ağır mədəni soyqırımı’” sərlövhəli məqalə çap olunub. Məqalə fevral ayında “Hyperallergic” jurnalında çap olunmuş Simon Maghakyan və Sarah Pickman adlı “analitik”lərin uzun bir hesabatı əsasında yazılıb. Bu məqaləyə və hesabata görə 21-ci əsrdə mədəni abidələrin yer üzündən silinməsi hallarının ən ağır nümunəsi guya Azərbaycanda (!!!) müşahidə edilir. Təbii ki, söhbət erməni qəbir daşları sayılan “xaçkarlardan” gedir. Və müəlliflər utanmadan belə nəticəyə gəlirlər ki, guya Azərbaycanda, xüsusilə Naxçıvanda (Culfada) “dünyanın ən böyük qədim erməni qəbirstanlığı”nda mövcud olan məzar daşları bilərəkdən yox edilirlər. Kolorado ştatında (Denver) siyasi elmlərlə məşğul olan Simon Maghakyan isə bunu “21-ci əsrin ən ağır mədəni soyqırımı” adlandırıb və erməni əsilli “siyasət aliminin” bu sözləri ingilis qəzetinin sərlövhəsinə çıxarılıb. Yazıda Azərbaycana qarşı kin-küdurət ruhu o dərəcədə əndazəsindən çıxıb ki, ölkəmizdə guya aparılan “erməni abidələrinin yox edilməsi siyasəti” Suriyada İŞİD tərəfindən UNESCO-nun dünya irsi siyahısında olan Palmira abidəsinin dağıdılması hadisəsindən daha ağır “cinayət” kimi təqdim olunur. Hətta İranda erməni kilsəsinin yepiskopu Nişan Topuzyan 2005-ci ildə Arazın o tayından Culfadakı erməni qəbirstanlığının vəziyyətini necəsə lentə alıb və o kadrlar Simon Maghakyan və Sarah Pickman tərəfindən 2006-cı ildə çəkdikləri “Arazın yeni göz yaşları” adlı filmdə youtube vasitəsi ilə nümayiş etdirilir. Təbii ki, ermənilər haqqında söhbət gedirsə, mütləq “göz yaşları” tökülməlidir. Və heç də təəccüblü deyil ki, məqalədə “Azərbaycanın keçmiş milli sərvəti” adlandırılan Əkrəm Əylisliyə də istinad edilir və onun bu məsələdə “vicdanlı” mövqeyi vurğulanır.
Bu xəbəri Shahin Mustafayev adlı elm adamı öz facebook sehifəsində paylaşıb.