Yalnız sevənlər anlayar…

0
221

4 oktyabr 2025-ci il tarixində XI Bakı Beynəlxalq Kitab Sərgisində yazıçı Natiq Məmmədlinin “Sev” adlı yeni romanının imza günü keçirilib. Tədbir Bakı Ekspo Mərkəzində “Teas Press” nəşriyyatının dəstəyi ilə təşkil olunub.

Yazıçı görüşdə oxucuları ilə səmimi söhbət edib və onların suallarını cavablandırıb.

“Sev” romanı fərqli dinlərə mənsub iki gəncin bir-birinə olan sevgisindən və bu məhəbbətin çətin sınaqlardan keçməsindən bəhs edir.
Roman oxucunu müxtəlif ölkələrə və zamanlara aparır. Müəllif əsərdə qloballaşmaya, müasir dünyanın nizamına və XXI əsr insanının mənəvi dəyərlərinə fərqli prizmadan baxır.

Əsərin yaranma hekayəsini, onu digər sevgi romanlarından fərqləndirən cəhətləri, Natiq Məmmədlinin keçmiş və müasir sevgi anlayışına münasibətini dinlədikdən sonra,
tədbirdə iştirak edənlərdən biri kimi mən də Natiq Məmmədliyə öz sualımı ünvanladım:

“Əsərdə müxtəlif tarixlərə müraciət etdiyinizi qeyd etdiniz. Tarix mövzusu açılmışkən, Natiq müəllim, siz Qarabağ müharibəsi mövzusunda yazılmış romanların ümumi səviyyəsini necə qiymətləndirirsiniz?
Bu mövzuda yalnız bizim deyil, dünya oxucularının da maraqla oxuya biləcəyi roman necə olmalıdır?”

Natiq Məmmədli cavabında bu mövzunun böyük məsuliyyət tələb etdiyini vurğuladı və özü də artıq II Qarabağ müharibəsinə həsr etdiyi bir kitab yazdığını,
bu kitabı da ilk fürsətdə nəşr etdirməyi planlaşdırdığını qeyd etdi.

Hal-hazırda isə artıq 5 ildir sandıqda nəşr olunmağı gözləyən “Sev” kitabının  zamanı idi və Natiq Məmmədlinin dediyi kimi, bu kitabı hamı oxuya bilər, amma yalnız sevənlər anlayar.