
“Ömrümün bəhrəsi, barı nağılmış,
Kasıb balıqçının toru nağılmış,
Sən demə, bu sevgi quru nağılmış,
Mənə bu nağılın sonunu söylə.”
Bəzən sevərək dinlədiyimiz mahnılar, təsirindən çıxa bilmədiyimiz şeirlər, qəlbimizdə iz qoyan sözlər olur. Ya da bizim o şeirin hansısa misrasında, mahnının sözlərində özümüzü tapdığımız məqamlar. Mən həmişə düşünürəm ki, ən yaxşı yazılan şeir, ən gözəl oxunan mahnı hiss edilərək oxunan, yaşanılaraq yazılanlardır. Çünki bir insan əgər şeir yazırsa, onun qəlbindən gələn təbin mütləq bir səbəbi olur. Axı, düşünülüb yazılan şeir, şeir sayılmır. Şeir ağlın yox, qəlbin səsi ilə yazılanda gözəl olur. Bütün ömrü boyu qəlbinin səsini dinləyənlər isə şair olur. Bu ömür, qəlbinin səsini dinləmək üçün 20 il də ola bilər, 30 il də, ya da bəlkə daha çox.
Ağstafa torpağının mərhum şairi Üzeyir Məhərrəmlinin 30 ilə sığdırdığı ömrü kimi. Həmişə ürəyinin səsini dinləyən şairin elə ürəyi də onun taleyinə çevrildi. Ömrünün baharında, cəmi 30 yaşında, şair duyğularının ağırlığına tab gətirməyən ürəyi onu yarı yolda nakam qoydu. Şairin ömrü nakam yox, ölümü nakam olur.
“Ömrümün bəhrəsi, barı nağılmış” deyən şairin ömrünün ən böyük barı bu gün də dillər əzbəri olan şeirləri, onlara yazılan mahnılar, haqqında danışarkən hələ də gözləri dolan dostlarıdır. Şeiri daha dərindən, daha səmimi başa düşənlər isə sözlərdən ayılıb, ömrünün nağıl kimi, xəyallarla keçib getdiyini duya bilənlərdir. Bax elə o zaman şair qəlbinin hansı hissləri keçirdiyini başa düşmək olur.
Əgər yazılan şeirdə, səslənən musiqidə bir misra bütün qəlblərə toxuna bilirsə, o sadəcə söz deyil, hisslərin özündən doğan poeziyadır. “Kasıb balıqçının toru nağılmış” misrasında hər kəs öz həyatının bir parçasını görə bilər. Kimisi o torun yerinə arzularını, kimisi həyata keçməmiş ümidlərini, kimisi sevgisini qoyur. Gec ya da tez, hər bir insan bir gün kasıb balıqçının yerində olur.
Bir zamanlar ümidlə “Mən sənə sevməyi necə öyrədim?” deyən şair Üzeyir Məhərrəmlinin “Sən demə, bu sevgi quru nağılmış” deyib, gerçəklik ilə barışdığı kimi.
Uşaqlığımızdan belə bilmişik ki, nağıllar həmişə xoş sonla bitir. Gözlərdən yaş yox, göydən üç alma düşür.
“Bu min bir gecədən yoruldum axı,
Mənə bu nağılın sonunu söylə.”
deyən Üzeyir Məhərrəmli, yaşadığı təlatümlü həyatdan sonra bəlkə də arzusunda olduğu xoş günlər üçün tələsir, bu rahatlığa can atdığını əyani ifadə edirdi.
Hər kəs həmişə nağılın sonunu görməyə tələsir. Amma həyat göstərir ki, hər şey həmişə nağıllardakı kimi olmur. Xəyal edilən arzuların hamısı gerçəkləşmir, sevən-sevdiyinə qovuşmur və ən əsası, hər kəsin nağılının sonunda göydən üç alma yox, gözlərdən üç damla yaş düşür.
Bəlkə də nağılının sonunu əvvəlcədən hiss edən Üzeyir Məhərrəmli də şeirində buna görə nağılın sonunu görməyə tələsir. 30 illik ömründə sevdiyi ilə qovuşa bilmədiyi, arzularını tam həyata keçirə bilmədiyi üçün onun nağılı tez bitdi. Amma yazdığı şeirlərlə əbədi nağıl kimi yaşadı.
Şair Nüsrət Kəsəmənli ilə eyni torpağın övladı olan Üzeyir Məhərrəmli ruhən də, qəlbən də onunla yaxın idi. “Daha nağıllara inanmıram mən” deyən Nüsrət Kəsəmənli duyğusundan sonra, bir anda üzərimizdə Üzeyir Məhərrəmlinin nağılın sonunu ümidlə gözləyən ruhunu hiss edirik.
“Yaxşı adamlar da bir nağıl idi,
Daha nağıllara inanmıram mən”
deyən Nüsrət Kəsəmənli çətin dönəmlərdə Üzeyir Məhərrəmlinin yanında olmaqla, yaxşı adamların heç də yalnız nağıllarda olmadığını göstərdi.
Kasıb balıqçının toru, qarşılıqsız sevginin sonu, namərdə aldanan mərdlər, ağ atlı cəngavərlər — hamısı nağıl ola bilər, amma yaxşı adamlar heç də həmişə nağıl olmur.
Ağstafanın mərhum şairi
Üzeyir Məhərrəmlinin ruhuna dərin hörmət və sevgi ilə.

Turkish




