Əhməd İsmayılov Manupulyasiya Edir?

0
2442

Prezident Sərəncamının İcrası Ədalət Prinsiplərinə Söykənməlidir.

Azərbaycan Prezidentinin milli mətbuatın 150 illik yubileyi münasibətilə müvafiq medalın təsis edilməsi barədə imzaladığı sərəncam media ictimaiyyəti tərəfindən müsbət qarşılandı. Bu addım dövlət başçısının media sahəsində çalışan insanlara verdiyi dəyərin və diqqətin növbəti təzahürü kimi qiymətləndirildi. Sərəncamın imzalanması, şübhəsiz ki, Azərbaycan jurnalistikasının tarixinə və bu sahədə çalışanların əməyinə verilən yüksək qiymətin göstəricisidir.
Lakin yubiley medalının təqdim edilməsi prosesi ilə bağlı son günlər müşahidə olunan məqamlar müəyyən suallar doğurur. Belə ki, Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən həyata keçirilən təqdimat prosesi ictimaiyyətdə çaşqınlıq yaradıb. Artıq bir həftədən çoxdur ki, bir sıra media nümayəndələri sosial şəbəkələrdə “Prezident tərəfindən təltif olunmuş” görüntüsü formalaşdıran fotolar paylaşırlar. Bu münasibətlə təltif alan həmkarlarımızı təbrik etməklə yanaşı, prosesin hüquqi və institusional tərəflərinə də aydınlıq gətirilməsini vacib sayırıq.
Məsələ ondadır ki, Prezidentin imzaladığı sərəncamda konkret media nümayəndələrinin təltif olunması deyil, yubiley medalının təsis edilməsi nəzərdə tutulur. Bu isə o deməkdir ki, hazırda təqdim olunan medallar birbaşa Prezident sərəncamına əsaslanan fərdi təltiflər hesab edilə bilməz. Üstəlik, təqdim olunan medal vəsiqələrində təltifedici qurum kimi MEDİA-nın icraçı direktoru Əhməd İsmayılovun  imzası yer alır.
Bu halda haqlı sual yaranır: əgər təltif prosesi Prezident sərəncamına əsaslanmırsa, niyə ictimaiyyətə bu proses dövlət başçısının adından həyata keçirilirmiş kimi təqdim olunur? Dövlət rəmzi statusu daşıyan Prezident medalının təqdim olunması mütləq şəkildə dövlət protokoluna, şəffaf və hüquqi mexanizmlərə uyğun həyata keçirilməlidir. Əks halda, bu cür yanaşma institusional səlahiyyətlərin aşılması və manipulyasiya kimi qiymətləndirilə bilər.
Prezident sərəncamlarının icrası bütün dövlət qurumları üçün məcburidir və bu icra şəxsi maraqların gücləndirilməsi vasitəsinə çevrilməməlidir. Belə sənədlərin icrası manipulyasiya üzərində deyil, ədalət, şəffaflıq və hüquqi məsuliyyət prinsipləri üzərində qurulmalıdır. Yalnız bu halda dövlət qərarlarının nüfuzu qorunar, media ictimaiyyətində isə etimad mühiti formalaşa biler.