Bakının ritmik memarlığı, daşlaşmış musiqi – Zülfiyyə Vəliyeva

0
339

  Şəhərlər yalnız küçələrdən, binalardan və infrastrukturlardan ibarət deyil. Hər şəhərin öz ruhu,ritmi, əfsanəsi öz daxili melodiyası var. Təsadüfi deyil ki, bu il WUF13 kimi mötəbər bir tədbir Bakıda keçirilir. Çünki tədbir urbanizasiya və şəhər kimliyi haqqındadır və Bakı bu mövzuda xüsusi nümunə kimidiqqət çəkir.

Bakıda memarlıq təkcə vizual deyil, o, eyni zamanda sanki eşidilən və hiss edilən musiqi ritmidir. Şərq və qərb mədəniyyətini özündə birləşdirən şəhər memarlığında, hər küçənin, hər memarlıq abidəsinin mənə görə öz musiqisi var. Memarlıq da müxtəlif dövrlərin musiqi kompozisiyası kimi bir-biri ilə əlaqələnir. Məsələn İçərişəhərin orta əsr daş küçələri,muğamın müasir improvizəsini xatırladır. Küçələrinasimmetrik qurulması, məkanların bir-birinə qarışıq keçidlərlə bağlanması muğam-caz improvizələrininsərbəst melodik inkişafına bənzəyir. İçərişəhər sanki ritm üzərində qurulmuş qədim urban kompozisiyadır.

Qız Qalası və Şirvanşahlar Sarayının musiqi ritmi daş ornamentlərində hiss olunur. Bu ərazi muğamın simfonikləşmiş versiyasıdır, burada sanki Fikrət Əmirovun “Kürd-Ovşarı” simfonik muğamının sehirli giriş sədaları eşidilir. Çünki musiqidəki pauza, aramlıqanlayışına bənzər estetik bir sakitlik mövcuddur.

XIX əsrin sonu və XX əsrin əvvəllərində neft bumu ilə birlikdə Bakıda yeni memarlıq dövrü başladı. Şəhərə müxtəlif Avropa memarlıq üslubları daxil oldu və bu dövr yeni urban mərhələsi yarandı. Milyonçu Ağamusa Nağıyevin oğlu İsmayılın şərəfinə qotik üslubda tikdirdiyi İsmailiyyə binası, milyonçu Murtuza Muxtarovun  həyat yoldaşı üçün fransız qotikası üslubunda tikdirdiyi indiki Səadət Sarayı binası(Muxtarov sarayı kimi də tanınır) kimi tikililər Bakının vizual ritmini daha dekorativ və emosional hala gətirdi. Qotik tağlar və Avropa ornamentləri şəhərə yeni nəfəs verdi. Bu mərhələdə Bakı Şərq melodiyası ilə Qərb harmoniyasının eyni kompozisiyada birləşdiyi məkana çevrildi.

Sovet dövründə isə şəhərin ritmi dəyişdi. Monumental və sərt həcmli tikililər daha ağır musiqi tonlarını xatırladırdı. Geniş prospektlər, iri həcmli inzibati binalar və simmetrik planlaşdırma urban ritmdə nizam və ideoloji güc hissi yaradırdı. Bu dövrün memarlığı improvizasiyadan çox marş ritminə yaxın idi.

Müasir Bakı isə yenidən axıcı ritmə qayıdır. Heydər Əliyev Mərkəzi bunun ən güclü nümunəsidir. Zaha Hadid tərəfindən yaradılan bu möhtəşəm memarlıq sərt xətlərdən imtina edərək musiqidəki legato keçidləri xatırladır. Axıcı səthlər Azərbaycanın klassik musiqisindəki emosional davamlılıq hissini memarlıq dilinə çevirir. Bina sanki daş və betonla yazılmış vizual simfoniyadır. Biz bu siyahıya Alov qüllələri, Bakı Kristal sarayı və s. müasir memarlıq nümunələrini əlavə edə bilərik.

Məsələn Bakının elə köhnə küçələri, elə memarlıq abidələri var ki, onların öz ruhu, öz musiqisi var. Filarmoniyadan üzü aşağı İsmailliyə binasına doğru və Azərbaycan prospektini əhatə edən hissəsində Ələkbər Tağıyevin “Bakı Gecələri” əsəri səslənir, lakin Vaqif Mustafazadənin muğam improvizasiyası ilə. Qoşa Qala qapısından daxil olan kimi yuxarı İçərişəhərin dar küçələrində isə Süleyman Ələsgərovun möhtəşəm “Gözlə məni” əsəri tar ifasında səslənir. Filarmoniyadan Azneft dairəsi və bütünlükdə Neftçilər prospektini isə Üzeyir bəyin “Arazbarı”sının səsi bürüyür. Bu musiqili səyahətdə Qız Qalasından şəhərimizi seyr edərkən, Arif Məlikovun “Sehirli Xalat” filmi üçün yazdığı o möhtəşəm musiqi canlanır. Şüurumuzda canlanan bu virtual səyahət Azərbaycan memarlığı və möhtəşəm musiqimizin harmoniyasının birgə əsəridir.

Bu gün WUF13 kimi qlobal urbanizasiya platformalarında əsas suallardan biri budur: şəhərlər modernləşərkən öz ruhunu necə qoruyur? Bakı bu suala özünəməxsus cavab verir. Burada şəhər yalnız tikililər toplusu deyil, o, əsrlər boyu dəyişən, lakin ritmini itirməyən canlı mədəni kompozisiyadır. Bakının memarlığı müxtəlif dövrlərin harmoniyasını bir araya gətirməyi bacarır. Bu şəhərdə daş musiqiyə çevrilir, musiqi isə memarlığın görünməyən ritminə .


                  Zülfiyyə Vəliyeva

  AMEA Memarlıq və İncəsənət   İnstitutu,Musiqi Folkloru şöbəsinin kiçik elmi işçisi