VƏLİ EFE “Müəllimləri soğan əkməyə,tələbələri fəhləliyə göndərmək heysiyyətimizə toxunur”

0
3148

Aqil Abbasa “Cəhənnəm” dən Məktub…

Bu günlərdə Milli Məclisin iclaslarından birində Millət vəkili Aqil Abbasın səsləndirdiyi fikirlər  sosial mediada narazılığa səbəb olub. Belə ki, Millət vəkili tələbələrimizin  yay tətillərində  işğal olunmuş torpaqlarımızda aparılan tikinti-quruculuq işlərində çalışması təklifini irəli sürüb.  Aqil Abbasın fikirlərinə ən sərt etiraz Fb aktivisti Vəli Efedən gəlib. Vəli Efenin yazısını olduğu kimi sayta yerləşdiririk.
Vəli Efe:
“Uzun zamandır yaşadığım işsizlik problemi elə həddə çatmışdı ki, ya aclıqdan ölməliydim, ya da Qarabağa işləməyə getməliydim. Müəyyən müddət çöllərdə yaşamağımı da nəzərə alsaq, aclıqdan ölmə ehtimalı o qədər də uzaq görünmürdü.
Ta ki, köhnə iş yoldaşlarım Ağdamda işləməyə dəvət edənəcən..
Baxmayaraq ki, ünsiyyətdə olduğum hamı dönə-dönə getməməyimi tövsiyyə etdi, “acından öl, amma getmə, ağlın olsun, ora gedənlərin hamısı peşmandı” dedilər, dinləmədim.
Bir də gözümü açdım ki, şələ-şüləmi yığıb gəlmişəm Ağdama.
Xülasə, keçim mətləbə, bina mərtəbələrində kərpiclə hörgü işi görürdük.
Bizdən əvvəl başqa briqada bu mərtəbənin müəyyən işlərini görmüşdü, ancaq işi yarımçıq qoyub getmişdilər. Bizə də vəd edilmişdi ki, bu yarımçıq işi tamamlayın, növbəti mərtəbəyə sıfırdan başlayacaqsınız.
Üç-beş gün işlədikdən sonra fərqinə vardıq ki, Ağdamdakı binalarda işini yarımçıq qoyub qaçanlar təkcə hörgüçülər deyil, malyar işi görənlər də, elektrik briqadaları da, suvaqçılar da, tez-tez dəyişir. Demək olar az qala hər gün fərqli işlərə aid işçi birlikləri gəlir, köhnədən gələnlərsə işlərini yarımçıq qoyub gedirlər.
Bizdəysə hələ ki, nisbi sakitlik idi, kərpicimiz vaxtında verilir, sementimiz, qumumuz mərtəbəyə qaldırılırdı.
Pul istəyəndə də xırda-xırda verirdilər.
Müəyyən müddət keçdi, bir gün günorta yeməyi üçün yeməkxanaya gələndə, gördük 20-25 nəfər şirkət ofisiylə iş sahəsi arasındakı neytral zonaya toplaşıblar, yanlarında çəkiliş qrupu da vardı. Onlar ofisə yaxınlaşıb öz dərdlərini demək istəyirdilər, mühafizəçilərsə heç kimi içəri buraxmırdı.
Məlum oldu ki, bura toplaşanlar köhnə işçilərdir və aylardır maaşlarını ala bilməyiblər, şirkətsə yeni şirkətdir. Qısaca, işçiləri işlədib pulunu verməyən şirkət çoxdan aradan çıxıb, işi təhvil alan yeni şirkətsə deyir , sizin pulunuzu biz verməli deyilik.
Sonra biz işimizin ardınca getdik, məsələ nə yerdə qaldı bilmədik.
Artıq yarımçıq təhvil aldığımız mərtəbəni bitirmişdik, yeni, sıfırdan mərtəbəyə başlayacağımızı düşünürdük.
Səhəri gün gördük bizə vəd edilən mərtəbəyə başqa briqada gəlib, bizi də yönləndirirlər növbəti yarımçıq işə.
Təbii ki, razı olmadıq, pulumuzu tam alıb getmək istədik. Dil-ağıza tutdular ki, filan mərtəbədə yarımçıq iş var, onu da tamamlayın, bütün pulunuzu haqq-hesab edəcəyik.
Çarəsiz, yenə razılaşdıq. Niyə çarəsiz olduğumuzu aydınlaşdırım. İşi bizə verənlərlə, şirkət eyni deyil. Şirkət, işi bizi verənlərə deyir, işi tamamlayın pulunuzu verək, işi bizə verənlər də bizdən eyni şeyi tələb edir ki, bu yarımçıq işi də tamamlayın, biz şirkətdən pul ala bilək.
Xülasə, bizə iş verənlər şirkətdən pul ala bilmir, biz də iş verənimizdən. Aldığımız eləcə siqaret pulu miqdarı olur.
Nəhayət öz aramızda məsləhətləşib qərara gəldik ki, boş qalmaqdansa işləyək.
Növbəti yarımçıq işə başladıq, işin 70 faizini gördük, tikintidən anlayışı olanlar bilər, qoşa divarları hörərkən, kərpiclər arasına penaplast qoyulur, biz də 70 faizini tamamladığımız işdə bu prosesə əməl edir, hər gün gördüyümüz işin şəkillərini çəkib arxivləyirdik.
Artıq işimiz elə mərhələyə gəlib çatdı ki, peneplast olmasa bir kərpic belə hörmək olmayacaqdı. Şirkətin anbarındaysa peneplast bitmişdi, dedilər bu gün-sabah gələcək.
Biz də məcbur gözləməli olduq…
İndiysə gəlin sizə məsələnin ən dəhşətli olan tərəfini danışım.
Demək 3-4 nəfərlik kanteynerlərdə qalırıq, yaxınlıqda kölgələnməyə bir yer yoxdur, ən yaxınlıqda “İmarət kompleksi” var, biraz aralıda “Rahat market”.
Məcburiyyətdən işə çıxmayıb evdə (kanteynerdə) qaldığımız zaman, bizimçün asudə vaxtımızı gözəl keçirə biləcəyimiz tək şey, başımıza gün döyə-döyə Rahat marketə gedib veyillənmək olurdu.
Şirkət gündə üç dəfə yemək verirdi, insafən, yeməkləri yüksək keyfiyyətdəydi.
Artıq evdə qaldığımız ikinci gün idi, market gəzintisindən qayıdarkən gördük camaat toplaşıb yeməkxananın önünə, etiraz edir, aylardır maaşları köçməyib, bu gün-sabah deyə-deyə maaşı daha da yubandırırlar. Sahə rəisi gəlib dedi ki, ərazidəki bütün işçilər toplansın, iclas olacaq.
İclas başladı, hamı öz dərdini danışdı, kreditini ödəyə bilməyən kim, ailəsinə pul göndərə bilməyən kim, hərə bir cür etiraz etdi. Şirkətin sahə rəyisiysə yeni vədlər verdi, dedi narahat olmayın, bu dövlət səviyyəsində aparılan işdir, gələn həftə maaşlar ödəniləcək.
Biz təbii ki, qarışmadıq məsələyə, çünki birbaşa bu şirkətə tabe deyildik, ancaq əmin idik ki, gələn həftə də fərqli bəhanələr tapılacaq. Nəhayət hamı dağılışdı, səhəri gün işçilərin bəziləri işə çıxdı, böyük əksəriyyətsə işə getmədi.
Hətta vəziyyət elə həddə çatmışdı ki, yük dolu “paddon” ları yuxarı mərtəbələrə qaldıran texnika sürücüsü konkret işi dayandırdı, şirkətsə işçinin maaşını ödəmək əvəzinə, kirayə pulunu verib əraziyə başqa yerdən “kran” çağırdı.
Bizsə lazımi material hələ də gəlmədiyi üçün zatən işə çıxmırdıq.
Bir neçə gün də beləcə ötüşdü, artıq narazılıqlar artmışdı, işə çıxmayan işçilərin sayı çoxaldıqca, şirkət yeməyin həcmini də, keyfiyyətini də azaltdı.
Artıq bir həftə olmuşdu evdə qaldığımız, şirkət, işçilərin maaşını ödəmək, anbara lazım olan materialları gətirmək yerinə, yeməyin keyfiyyətini azaltmaqla qalmadılar, səhər saat səkkiz tamam olan kimi işıqları söndürdülər, günorta yeməyi vaxtı saat 13:00-dan 14:00-a kimi işıqları yandırıb təzədən söndürdülər, düz axşam saat 18:00-a kimi, yəni iş vaxtı bitənə kimi.
Bunu qəsdlə edirdilər, ki, hamı işə çıxsın, ardıyca da deyirdilər, kim işləməyəcəksə havayıdan gəlib yemək yeməsin, kanteynerdə qalmasın, yığsın şələ-şüləsini qayıtsın evinə.
Təsəvvür edin yayın ortasında dəmir kanteynerdə qalırsan, işıq sönülü olduğundan kondisioneri işlədə bilmirsən, konteyner dəmirdən olduğu üçün içəridəki istilik cəhənnəm kimi olur, çölə də çıxa bilmirsən, ki, gün təpənə döyəcək, kölgə olduğu üçün məcbur bu “cəhənnəm” in içində qalırsan.
Bir neçə gün də beləcə keçdi, artıq bütün əsəblərimiz korlanmışdı, alacağımız pulun da böyük hissəsini xırda-xırda alıb bitirmişdik, nəhayət qərar verdik ki, burda nə əziyyətimiz qalacaqsa haram xoşları olsun, bizi bura yönləndirən qardaşla əlaqə saxlayıb sadəcə yol pulu istədik, o da borc xərc edib yüz manat tapıb yolladı, qayıtdıq Bakıya…
Son gördüyümüz işdənsə ümumi alacaq 150-200 manat olar, ya olmazdı. İşi “yarımçıq” qoyub getdiyimizçün daha bu pulun dalınca düşmək boşuna qanqaraçılıq olacaqdı.
Xülasə, oradakı binaların böyük əksəriyyətində işlər demək olar bu qaydayla görülürdü. Biraz Əli işləyirdi, bezib çıxıb gedirdi, biraz da Vəli işləyib əsəbləri korlanıb qayıdırdı geriyə.- yazır.
Daha sonra Vəli Efe: ” İndi Aqil Abbas on min tələbəni cəlb etmək istəyir Qarabağda tikinti işinə, ancaq vəzifəsi millətə vəkillik etmək olan bu cənab, nə orada qurulan əxlaqsız iş prinsipindən danışır, nə haqqı tapdalanan minlərlə işçinin vəziyyətinin araşdırılmasına çağrış etmir.”  “Tələbələri ora cəlb etməyə nə varki, çox asan işdir, universitetlərdən çıxarılmaqla təhdid edin, imtahandan kəsilmə qorxusu aşılayıb hədələyin, görün necə quzu kimi gedəcəklər işləməyə. Çətin olan ölkədə ədalətli, əxlaqlı iş sistemi yaratmaqdır.
Niyə Milli məclisdə çıxış edib Qarabağda işlərin ləng getməsinin əsl səbəblərini araşdırmırsınız, niyə sorğulamırsınız, niyə vəzifəniz olan işi görmək əvəzinə, onsuz da absurd çıxışlarınızdan boğaza yığılan bu xalqa əlavə absurd ideyalarla zülm edirsiniz.?
Azərbaycan tələbəsi niyə tikintidə işləməlidir? Bu uşaqlar o qədər əziyyət çəkib universitetə qəbul olublar, ki, gedib fəhləlik etsinlər?
Özünüz də çox gözəl fərqindəsiniz ki, artıq dünyanın bu günkü inkişaf xəttində, ağır işlərdə, fiziki güc tələb edən işlərdə işçi qüvvəsi tapmaq çox çətinləşib, mən 1987-ci il təvəllüdlüyəm və siz də çox gözəl bilirsiniz ki, mənim yaşımdakılar bu ağır işlərə məcbur qalacaq son “pakaleniya”dır.
İllərdir tikintidə usta (dəmirçi) işləmişəm, bu saat bu işin ustaları günü 60 manata işləyir, lap günü 100 manat da versəniz işləməyə dəyməz, çünki işin zəhmətinin qarşılığında heçnədir bu məbləğ.
Yekun olaraq siz, cənab millət vəkili Aqil Abbas, vəkilimiz olaraq milli məclisdə ölkədə ədalətli iş sistemi yaratmaq, təbii sərvətlərlə bol ölkə olaraq yüksək əmək haqqı tələbiylə çıxış etmək əvəzinə, müəllimləri soğan əkməyə, tələbələri də fəhləlik etməyə çağırırsınızsa və bu çağırışa vətənpərvərlik donu geyindirib heysiyyətimizə toxunursunuz.”
Qeyd edək ki, Vəli Efe tanınmış jurnalist, mərhum Hüseyn Əfəndinin oğludur.