Putinin Pekin səfəri: diplomatik siqnallar və geosiyasi kontekst – Əlifağa Axverdi

0
130

Pekinin imtiyazlı tərəfdaş statusu uğrunda rəqabəti 

Putinin Pekinə səfəri Donald Trampın Çin rəhbərliyi ilə görüşlərindən cəmi dörd gün sonra 19 may tarixində baş tutdu. Səfər Rusiya-Çin arasında imzalanmış dostluq, əməkdaşlıq və qarşılıqlı yardım müqaviləsinin 25 illiyinə həsr olunmuşdu. Amma beynəlxalq siyasətdə belə hadisələr yalnız rəsmi çərçivə ilə deyil, həm də zamanlama və siyasi kontekstlə qiymətləndirilir. 

Putinin Pekinə səfəri Donald Trampın Çin rəhbərliyi ilə təmaslarından cəmi bir neçə gün sonra baş verməsi sadəcə təsadüf kimi qiymətləndirilə bilməz. Bu cür vaxt yaxınlığı adətən “diplomatik siqnallar siyasəti” kimi izah olunur. 

Səfərlərin ardıcıllığı “kontrpozisiya” effekti yaradır. Beynəlxalq münasibətlərdə realizm nəzəri çərçivəsinə görə dövlətlər təkcə danışıqların məzmununu deyil, həm də onların ardıcıllığını diqqətlə izləyirlər. Buna görə də Putinin Trampdan sonra Çinə səfəri bəzi analitiklər tərəfindən ABŞ-Çin dialoqunun güclənməsi fonunda Rusiya–Çin əməkdaşlığının sabitliyini nümayiş etdirmək və gündəmi “yenidən formalaşdırmaq” cəhdi kimi şərh edilir. 

Nyu-York Universitetinin baş elmi əməkdaşı Ed Prаys bu kontekstdə xarakterik bir izah verir: onun fikrincə, Putinin səfəri ABŞ üçün birbaşa siqnaldır — “siz Çinə nə qədər səfər etsəniz də, Rusiya daha yaxın və daha etibarlı tərəfdaşdır”. Bu ifadə literal deyil, Pekinin “imtiyazlı tərəfdaş” statusu uğrunda simvolik rəqabətin ifadəsidir. 

Bu hadisəni klassik “kontrvizit” nümunəsi kimi də qiymətləndirmək olar. Diplomatik praktikada kontr-vizit, bir ölkənin başqa bir güc mərkəzi ilə əlaqələrini gücləndirməsi fonunda, digər ölkənin öz əhəmiyyətini balanslamaq üçün həyata keçirdiyi səfərdir. Burada Rusiya ABŞ ilə birbaşa Çin uğrunda rəqabət aparmaqdan çox, Pekin üçün sabit və proqnozlaşdırıla bilən strateji tərəfdaş obrazını möhkəmləndirməyə çalışır. 

Bu cür səfərlər “çoxtərəfli dünya” narrativini gücləndirir. Bu narrativdə Çin ABŞ və Rusiyanın rəqabət obyekti deyil, hər iki tərəflə paralel işləyən müstəqil güc mərkəzi kimi təqdim olunur. Rusiya isə bu sistemdə ikinci dərəcəli oyunçu roluna düşməmək üçün özünü ayrıca güc qütbü kimi möhkəmləndirməyə çalışır. 

Struktur baxımından bu səfər asimmetrik üçbucaq modelini əks etdirir: ABŞ və Çin strateji dialoq aparır, Rusiya isə bu sistemə daxil olaraq iki böyük güc arasında “obyekt” deyil, “subyekt” statusunu qorumağa çalışır. Buna görə də ABŞ-Çin təmaslarından dərhal sonra Pekinlə əlaqələrin gözəçarpan şəkildə gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. 

Putinin Pekinə səfəri təkcə diplomatik hadisə deyil, üçtərəfli güc balansı sistemində siyasi siqnal funksiyası daşıyan bir aktdır. O, eyni zamanda Vaşinqtona, Pekinə və daxili auditoriyaya ünvanlanmış mesajdır və əsas məqsədi qlobal rəqabət şəraitində Rusiyanın müstəqil güc mərkəzi kimi obrazını qorumaqdır.