TAYVAN, İRAN VƏ İQTİSADİYYAT: PEKİNDƏ KEÇİRİLƏN SAMMİTİN ƏSAS MÖVZULARI – ƏLİFAĞA AXVERDİ

0
343

ABŞ prezidenti Donald Trampın 13–15 may tarixlərində Çinə səfəri təkcə həftənin ən mühüm siyasi hadisəsi deyil, həm də bütün dünyanın diqqətlə izlədiyi görüş oldu. Bu səfərin tarixi xüsusi əhəmiyyət daşıyır. Çinə səfər edən ilk ABŞ prezidenti Richard Nikson olmuşdu. Onun 1972-ci ildəki səfəri Soyuq müharibə dövrünün geosiyasi balansını dəyişdirərək Vaşinqton və Pekin arasında yeni əlaqələrin əsasını qoymuşdu. Onilliklər sonra Tramp Çinə səfər edən artıq səkkizinci ABŞ prezidenti oldu. Lakin bugünkü siyasi vəziyyət tamamilə fərqlidir. Əgər Nikson dövründə məqsəd SSRİyə qarşı Pekinlə yaxınlaşmaq idisə, Tramp bu dəfə dünyanın iki ən böyük gücü arasında ciddi strateji rəqabət şəraitində Çinə səfər edib. 

Əslində bu səfər aprel ayında baş tutmalı idi. Lakin İranla bağlı müharibə səbəbindən səfər təxirə salındı. Yaxın Şərqdə hərbi münaqişə, zərbələr, Hörmüz boğazının bağlanması təhlükəsi və mümkün neft böhranı Vaşinqtonu diqqətini başqa istiqamətə yönəltməyə məcbur etmişdi. Vəziyyət nisbətən sabitləşdikdən sonra Ağ Ev yenidən Çin istiqamətinə qayıtdı. Çünki hazırkı mərhələdə ABŞ üçün Pekinlə münasibətləri diqqətdən kənarda saxlamaq mümkün deyil. 

Si Tsinpin, Trampı olduqca yüksək səviyyədə qarşıladı. Böyük Xalq Zalında rəsmi mərasim keçirildi, hərbi fəxri qarovul düzüldü, iki ölkənin bayraqlarını tutan uşaqlar tədbirdə iştirak etdilər. Bu, sadəcə protokol jesti deyildi. Çin bununla göstərməyə çalışırdı ki, artıq ABŞ ilə münasibətlərdə özünü kiçik tərəf kimi deyil, bərabər güc kimi görür. 

Danışıqların əsas mövzusu Tayvan məsələsi oldu. Bu məsələ iki ölkə münasibətlərində ən kəskin mövzu hesab edilir. Çin Tayvanı öz ərazisinin bir hissəsi və milli suverenlik məsələsi kimi görür. ABŞ isə Tayvanı Asiyada strateji nöqtə və Çin təsirini məhdudlaşdırmaq üçün vacib vasitə hesab edir. Si Tsinpin, açıq şəkildə bildirdi ki, Vaşinqtonun Tayvan məsələsində yanlış addımları birbaşa hərbi qarşıdurmaya səbəb ola bilər. Pekin bununla bu məsələnin onun üçün “qırmızı xətt” olduğunu bir daha nümayiş etdirdi. 

Görüşdə müzakirə olunan ikinci mühüm məsələ İranla bağlı müharibə idi. Çin Yaxın Şərqdən gələn sabit enerji resurslarından ciddi şəkildə asılıdır. Buna görə də uzunmüddətli müharibə Pekin üçün sərfəli deyil. Çin ABŞ-ın regionda uzunmüddətli müharibəyə cəlb olunmasını istəmir, çünki bu, həm enerji bazarına, həm də dünya iqtisadiyyatına ciddi zərbə vura bilər. Vaşinqton isə ehtimal ki, Çinin İran məsələsində diplomatik baxımdan hansı rol oynaya biləcəyini anlamağa çalışıb. 

Görüşdə iqtisadi məsələlər də geniş şəkildə müzakirə olundu. Siyasi rəqabətə baxmayaraq, iki ölkənin iqtisadiyyatları bir-biri ilə sıx bağlı olaraq qalır. Trampla birlikdə Pekinə Elon Musk, Tim Cook və Jensen Huang kimi böyük biznes nümayəndələrinin səfər etməsi bunu açıq şəkildə göstərdi. Müzakirələr ticarət əlaqələri, texnologiya sektoru, yarımkeçiricilər, süni intellekt və ABŞ-ın Çinə tətbiq etdiyi çip ixracı məhdudiyyətlərini əhatə edib. ABŞ Çinin texnoloji inkişaf tempini zəiflətməyə çalışır, Çin isə bu məhdudiyyətləri yumşaltmaq və Amerika bazarına çıxış imkanlarını qorumaq istəyir. 

Bu görüşdən sonra əsas sual tərəflərin bir-birindən nə gözləməsidir. ABŞ qlobal liderliyini qorumaq, Çinin yüksəlişini nəzarətdə saxlamaq, Tayvanı müdafiə etmək və Pekinin Asiyada dominant gücə çevrilməsinin qarşısını almaq istəyir. Bununla yanaşı, Vaşinqton birbaşa müharibədə maraqlı deyil, çünki bu, dünya iqtisadiyyatına ağır zərbə vura bilər. Çin isə vaxt qazanmaq, iqtisadi gücünü artırmaq, Asiyada təsir imkanlarını genişləndirmək və ABŞ-dan asılılığını azaltmaq niyyətindədir. Pekin Tayvanı öz nəzarətinə qaytarmaq istəyir, lakin bunu böyük hərbi qarşıdurma olmadan həyata keçirməyə üstünlük verir. 

Məhz buna görə bu səfəri iki ölkə arasında dostluq cəhdi kimi qiymətləndirmək doğru olmaz. Bu, daha çox rəqabətdə olan iki böyük gücün açıq qarşıdurmadan yayınmaq üçün apardığı strateji dialoqdur. Pekin görüşündən sonra gərginlik tam aradan qalxmasa da, tərəflər ən azından dialoqu davam etdirməyə hazır olduqlarını nümayiş etdirdilər və bugünkü mürəkkəb beynəlxalq şəraitdə bu özü də mühüm siyasi nəticə hesab olunur.