İqlim dəyişiklikləri dünya siyasətini necə dəyişir?
Tarixinin böyük hissəsində Qrenlandiya beynəlxalq münasibətlərin kənarında qalan ərazilərdən biri hesab olunurdu. Buzlarla örtülmüş nəhəng ada daha çox sərt iqlimi və azsaylı əhalisi ilə tanınırdı. Lakin bu gün vəziyyət sürətlə dəyişir. Yeni dünya nizamının formalaşdığıbir dövrdə Qrenlandiya XXI əsrin ən mühüm geosiyasi məkanlarından birinə çevrilməkdədir.
Tarixi baxımdan adanın əhəmiyyəti ilk növbədə onun coğrafi mövqeyi ilə bağlı olub. Hələ İkinci Dünya müharibəsi illərində ABŞ Qrenlandiyanın Şimali Amerikanın təhlükəsizliyi üçün mühüm strateji əhəmiyyət daşıdığını dərk etmişdi. Soyuq müharibə dövründə isə ada Sovet İttifaqının hərbi fəaliyyətinin izlənilməsi sisteminin vacib hissəsinə çevrildi. Əgər əvvəllər Qrenlandiya əsasən hərbi dayaq məntəqəsi kimi qiymətləndirilirdisə, bu gün onun rolu daha geniş məna kəsb edir.
Adaya marağın artmasının əsas səbəblərindən biri iqlim dəyişiklikləridir. Arktikada buzlaqların əriməsi Avropa, Asiya və Şimali Amerika arasında yeni dəniz marşrutlarının açılmasına şərait yaradır. Bu proses gələcəkdə dünya ticarətinin istiqamətlərini dəyişdirə bilər. Vaxtilə Süveyş kanalının açılması beynəlxalq ticarətə necə təsir göstərmişdisə, Arktika marşrutları da oxşar əhəmiyyət qazana bilər. Bu səbəbdən bölgədə mövqelərini möhkəmləndirən dövlətlər ciddi iqtisadi və siyasi üstünlüklər əldə edəcəklər.
Məhz bu kontekstdə ABŞ-ın Qrenlandiyaya olan marağını qiymətləndirmək lazımdır. Vaşinqton anlayır ki, Arktika artıq uzaq və əlçatmaz region deyil, gələcəyin böyük güclərinin rəqabət meydanına çevrilir. ABŞ üçün Qrenlandiya sadəcə bir ada deyil, Şimal yarımkürəsində strateji üstünlüyün qorunması vasitəsidir. Arktikadakı hava və dəniz yollarına nəzarət Amerikanın həm təhlükəsizlik maraqlarına, həm də Şimali Atlantikadakı mövqelərinin möhkəmləndirilməsinə xidmət edir.
Digər mühüm amil isə təbii sərvətlərdir. Mütəxəssislərin fikrincə, Qrenlandiyanın buz qatlarının altında nadir torpaq metalları, neft, qaz və digər qiymətli faydalı qazıntı ehtiyatları mövcuddur. Müasir texnologiyalar dövründə bu resurslar iqtisadi inkişafın və hərbi potensialın əsas elementlərindən hesab olunur. ABŞ xüsusilə nadir torpaq metalları sahəsində Çindən asılılığını azaltmağa çalışır. Buna görə də Qrenlandiya Vaşinqtonun uzunmüddətli iqtisadi strategiyasında mühüm yer tutur.
ABŞ-ın bölgədə artan fəallığı digər böyük dövlətlərin də diqqətini cəlb edir. Rusiya Arktikanı milli təhlükəsizliyinin vacib istiqamətlərindən biri hesab edir və burada hərbi infrastrukturunu gücləndirir. Çin isə Arktika dövləti olmasa da, regionun iqtisadi layihələrində iştirak etməyə və təsir imkanlarını genişləndirməyə çalışır. Beləliklə, Qrenlandiya tədricən ABŞ, Rusiya və Çin arasında maraqların kəsişdiyi strateji nöqtəyə çevrilir.
Adanın siyasi gələcəyi də ayrıca diqqət çəkir. Qrenlandiya formal olaraq Danimarkanın tərkibində olsa da, geniş muxtariyyət hüquqlarına malikdir. Son illərdə adada müstəqillik məsələsi daha çox müzakirə olunmağa başlayıb. Əgər gələcəkdə Qrenlandiya tam müstəqillik əldə edərsə, böyük dövlətlərin burada siyasi təsir uğrunda rəqabəti daha da güclənə bilər.
Bu gün Qrenlandiya iqlim dəyişikliklərinin beynəlxalq siyasətə necə təsir göstərə biləcəyinin ən aydın nümunələrindən biridir. Uzun illər dünya siyasətinin kənarında qalan bu ada artıq qlobal güclərin diqqət mərkəzinə çevrilib. ABŞ-ın Qrenlandiyaya marağı ərazi əldə etmək istəyindən deyil, gələcəyin iqtisadi imkanları, strateji resursları və nəqliyyat yolları üzərində təsir imkanlarını qorumaq məqsədindən qaynaqlanır.
Qrenlandiya artıq sadəcə Şimal Buzlu okeanında yerləşən bir ada deyil. O, yeni dünya nizamının formalaşdığı bir dövrdə geosiyasi rəqabətin simvollarından birinə çevrilib. Qarşıdakı illərdə Arktikanın qlobal siyasətin əsas istiqamətlərindən biri olacağı gözlənilir və bu prosesdə Qrenlandiya həlledici rol oynaya bilər.

Turkish







