Salam, mənəm — sənin, bəşərin bir parçası.
Məşğulsan, bəlkə də… Nə də olsa, müharibə alovlarına bürünmüsən, şəhərlərin günahsız insanların məzarına çevrilib. Yaxın Şərqində uşaqların gülüş səsləri əvəzinə silah səsləri eşidir. Ukraynanda, Qəzzanda insanlar bombalar altında sığınacaq axtarır.
Məşğulsan, bəlkə də… İqlim dəyişiklikləri nəticəsində meşələrin yanır, kəndlərin susuz qalır. Digər bir küncündə Uyğurlar öz etnik və dini kimliyinə görə təzyiqə məruz qalır.
Haqsız və güclü olanlar, haqlı və zəif olanları tapdalayır.
Bəzən sual yaranır məndə: əzəldənmi belə idin? Amma sonra bir də dönüb baxıram, təkrar…
Və Qədim Romada azadlıq uğruna savaşan qladiatorlarını, orta əsrlərdə zülm qarşısında yandırılan alimlərini, 90-cı illərdə Bosniya küçələrində öldürülən uşaqlarını, “Qarabağ” adı çəkiləndə qəlblərdə yaranan nisgili görürəm. Suriyada milyonlarla insanın evsiz qaldığını, Aralıq dənizində cansız bədəni tapılan kiçik Aylanı və daha nələri görürəm.
Deməli, dəyişən tək şey — zamandır.
Uşaqlıq düşüncələrimizdə bəşər hər zaman möcüzələrdən, sevgidən, dostluq və barışdan ibarət olub. Amma artıq böyümüşük və Nüsrət Kəsəmənlinin də dediyi kimi, daha nağıllara inanmırıq biz.

Azerbaycan Türkçesi



