AZƏRBAYCANIN KİÇİK BETHOVENİ – ZEYNƏB ƏLİYEVA 

0
734

 

Uşaqların uğuru bir çox hallarda ailənin, müəllimin və öz istedadının vəhdəti nəticəsində formalaşır. Elə bu dəfə də balaca bir musiqiçinin uğuru hər kəsi qürurlandırdı. Əliyeva Zeynəb Cavid qızı Süleyman Ələsgərova adına 1 saylı Uşaq İncəsənət Məktəbinin 2-ci sinif şagirdidir. O, 12 yanvar 2025-ci il tarixində keçirilən “Ümid 2025” Beynəlxalq İncəsənət Müsabiqəsində fortepiano üzrə 1-ci dərəcəli diplomla təltif olunub. Gələcəkdə böyük səhnələr üçün ilk addımlarını atan Zeynəbin uğur hekayəsi bizi də ruhlandırdı.

“Ümid 2025” adlı bu müsabiqə musiqinin müxtəlif sahələrini əhatə edirdi. Zeynəb bu beynəlxalq müsabiqəyə müəlliməsinin təşəbbüsü və öz istəyi ilə qatılıb. O, ikinci sinif şagirdi olsa da, səhnə təcrübəsi ilə yaşıdlarından seçilir. Valideynləri və müəlliməsi Zeynəbin potensialını gördükdən sonra onun bu cür festivallarda iştirakına şərait yaradıblar.

 

Hazırlıq mərhələsi isə, hər uğur hekayəsində olduğu kimi, çətin, amma bir o qədər də zövqlü olub. Zeynəbin anası deyir ki, gündəlik məşqlər, dərs və müəllim yanına gediş-gəliş onları çox yorurdu: “Amma gözəl yorğunluq idi. Çünki istəyirdik ki, Zeynəb belə yarışmalarda iştirak etsin və uğur qazansın.”

 

Müsabiqə nəticələri elan olunanda isə bütün ailə həyəcan içindəymiş. Zeynəb birinci yerə layiq görüləndə, ailəsi və müəlliməsi onu səhnədə təbrik edib. Həmin anlar həm qürurverici, həm də duyğulu olub.

 

Zeynəb, eyni zamanda 18 aprel 2025-ci il tarixində Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan və Qazaxıstanın birgə təşkilatçılığı ilə keçirilən “Talanttar Aləmi” beynəlxalq müsabiqəsində də iştirak edib. Bu dəfə də uğur qazanan balaca musiqiçi yaşıdları arasında 2-ci yerə layiq görülüb.

 

Hazırda Zeynəb müxtəlif müsabiqələrə hazırlaşır. Onun pianinoya olan sevgisi bu musiqiyə yeni başladığı zamanlardan bəlli idi. Anasının sözlərinə görə, bir zamanlar Bethovenə qulaq asaraq: “Mən nə vaxt Bethoven kimi gözlərimi yumub çalacağam?” – deyən Zeynəb artıq öz musiqi yoluna çıxıb. Onun hələ dəqiq bir gələcək planı olmasa da, ailəsi bütün qərarlarında onun yanındadır.

 

Zeynəbin müəlliməsi Kəmalə Məmmədovanın da bu uğurda rolu danılmazdır. Həm müəllim, həm də ailə olaraq Zeynəbin arxasında durmaq, onun kimi istedadların parlamasına yol açmaq, gələcəyin uğurlu sənətçilərinin yetişməsində əsas rol oynayır.