ORTAQ DƏYƏRLƏR, GÜCLÜ TƏRƏFDAŞ­LIQLAR VƏ ORTAQ GƏLƏCƏK

0
698

QƏDİM GƏNCƏDƏ   IV ƏMƏKDAŞLIQ FORUMU KEÇİRİLDİ

QHT-lər dövlət siyasətinin sadəcə icraçısı deyil, ictimai ehtiyacları ifadə edən, təşəbbüslər irəli sürən və milli inkişaf prosesinə öz intellektual potensialı ilə töhfə verən vətəndaş cəmiyyəti institutlarıdır.

Qıpqırmızı sevirəm
Mən Səni – qan rəngində!
Ürək rəngində
Sevirəm mən səni –
Can rəngində – Azərbaycanım! (Şərifə Cəfəri)

 2026-cı ilin 5–6 noyabr tarixində Şərqn ilk demokraik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı, tariximizə, mədəniyyətimizə dəyərli şəxsiyyətlər, sənətkarlar bəxş etmiş qədim Gəncədə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının IV Əməkdaşlıq Forumu keçirilirdi. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin tərəfdaşlığı ilə gerçəkləşdirilən IV Əməkdaşlıq Forumunda 400-dən artıq vətəndaş cəmiy­yəti nümayəndəsi iştirak edirdi. Müzakirə olunan mövzular QHT sektorunun inkişafı, dövlət–vətəndaş cəmiyyəti əməkdaşlığı və yeni ictimai təşəbbüslər idi…
Özəlliklə vurğulayaq ki, Forumun Gəncədə keçirilməsi təsadüfi xarakter daşımır. Azərbaycanın qədim tarixə və zəngin maddi-mədəni irsə malik şəhərlə­rin­dən biri olan Gəncə tədbirin içəriyinə-mövzularına tam uyğun gələn bir məkan idi. Forumun ilk günü iştirakçıların Nizami Gəncəvinin məqbərəsini və Gəncə Memorial Kompleksini ziyarət etməklə başladı. Proqrama amputant futbol yarışı, “Sabaha doğru” filminin təqdimatı və Gəncə Dövlət Simfonik orkestrinin konserti də daxil edilmişdi. Etiraf edək ki, bu tədbirlərin həyata keçirilməsi forumun içəriyini-məzmununu büsbütün tamamlayırdı.
Forumun ilk günündə “Amputant futbol turnirinin təşkili” layihəsi çərçivəsində Futbolun İnkişafı Fondunun təşkilatçılığı ilə Minadan zərər çəkmiş şəxslərin-əsasən gənclərin amputant futbol oyununun (05 noyabr 2026-cı il) baş tutması da hər birimizin ürək tellərini titrətdi. Gənc futbolçuların fiziki məhdudluqlarına baxma­yaraq, oyunu ruh yüksəkliyi ilə başa vurmaları qəlbimizi fərəh hissi ilə doldurdu, eyni zamanda da sızıldatdı. Bu layihənin xüsusi əhəmiyyəti vardı. Çünki bu, təkcə futbol oyununun nümayişi deyildi, eyni zamanda, mina təhlükəsi ilə bağlı maarif­lən­dirmə, mina qur­ban­larının  sosial inteqrasiyası, onların ictimai fəallığının artırıl­ması və əlilli­yi olan  insanların, özəlliklə gənc və yeniyetmələrin idmana cəlb edil­mə­sinə doğru atılmış çox gərəkli addım idi…
Qeyd edək ki, Azərbaycanda vətəndaş cəmiyyətinin institusional inkişafı və dövlətlə əməkdaşlığın genişləndirilməsi Forumun diqqət mərkəzinə gətirdiyi əsas istiqamətlərindən biri idi. təbii ki, bu prosesdə Ölkə başçımız, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti mühüm yer tutur. Bu dövlət siyasətinin məqsədi yalnız QHT-lərə maliyyə ayırmaq deyil, eyni zamanda, onların institusional imkanlarını genişləndirmək və ictimai əhəmiyyətli layihələrdə iştirakını təşviq etməkdir.
Forumda təqdim olunan göstəricilər də bu istiqamətdə görülən işlərin miqyasını əks etdirirdi. QHT Agentliyinin İdarə Heyətinin sədri, dövlətimizin yürütdüyü  siyasətə aktiv əməli fəaliyyəti ilə öz öhfələrini verən Aygün xanım Əliyeva çıxışı zamanı bildirdi ki, 21 dövlət proqramı üzrə nəzərdə tutulan 113 tapşırığın icrasında 98,63 faiz nəticə əldə olunub. Son dörd ildə inkişaf və mübadilə proqramları vasitəsilə 500-dən artıq QHT nümayəndəsinin bilik və bacarıqlarının artırılmasına dəstək göstərilmişdir.
Gəncədə keçirilən QHT-lərin IV Əməkdaşlıq Forumu Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, dövlət–QHT münasibətlərinin möhkəmləndirilməsi və ictimai təşəbbüslərin milli inkişaf strategiyasına uyğunlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Forumun əhəmiyyəti yalnız QHT nümayəndələrinin bir araya gələrək aktual məsələləri müzakirə etməsi ilə məhdudlaşmır, eyni zamanda, dövlətin vətəndaş cəmiyyətinə münasibətinin, QHT sektoru­nun institusional inkişafına verdi­yi dəstəyin və ictimai iştirakçılığın genişləndi­rilməsi istiqamətində müəyyən­ləşdirilən prioritetlərin nümayişidir.
Müasir dövrdə vətəndaş cəmiyyəti institutları dövlətin sosial, siyasi və mədəni inkişaf proseslərində mühüm tərəfdaşlardan biri kimi çıxış edir. Dövlətin müəyyən etdiyi strateji hədəflərin cəmiyyətə çatdırılması, ictimai ehtiyacların öyrənilməsi, sosial problemlərin həllinə yönəlmiş təşəbbüslərin irəli sürülməsi və ictimai nəzarətin gücləndirilməsi QHT-lərin fəaliyyətinin əsas istiqamətlərindəndir. Bu baxımdan, dövlət–QHT münasibətlərinin yalnız maliyyə və təşkilati dəstək çərçivəsində deyil, qarşılıqlı etimad, məsuliyyət, təşəbbüskarlıq və ortaq məqsədlər əsasında inkişaf etdirilməsi vacibdir.
Forumun müzakirələrində rəqəmsallaşma və süni intellekt bacarıqlarına xüsusi diqqət ayrılması da təsadüfi deyil. İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi şəraitdə QHT-lərin ənənəvi fəaliyyət üsulları ilə kifayətlənməsi mümkün deyil. Müasir kommunikasiya vasitələrindən istifadə, rəqəmsal savadlılığın artırıl­ması, informasiya təhlükəsizliyinin təmin edilməsi və süni intellekt imkanlarından səmərəli yararlanmaq vətəndaş cəmiyyəti institutlarının rəqabət qabiliyyətini və ictimai təsir imkanlarını genişləndirir. Deməli, rəqəmsal transformasiya QHT-lər üçün sadəcə texniki yenilənmə deyil, həm də fəaliyyətin keyfiyyətcə yeni mərhələyə keçməsidir.
Forumun digər mühüm istiqaməti QHT-lərin ictimai diplomatiyada iştirakının genişləndirilməsi ilə bağlıdır. Azərbaycanın milli maraqlarının beynəlxalq ictimaiy­yətə çatdırılması, ölkəmiz haqqında obyektiv məlumatların yayılması və beynəlxalq təşkilatlarla əlaqələrin möhkəmləndirilməsi yalnız rəsmi diplomatik institutların deyil, vətəndaş cəmiyyətinin də fəal iştirakını tələb edir. Bu prosesdə QHT-lərin üstünlüyü onların müxtəlif beynəlxalq şəbəkələrlə, ictimai birliklərlə və vətəndaş cəmiyyəti platformaları ilə birbaşa əlaqələr qurmaq imkanına malik olmasıdır. Beləliklə, ictimai diplomatiya dövlətin xarici siyasətinin ictimai müstə­vidə tamam­lanmasına və Azərbaycanın beynəlxalq nüfuzunun gücləndiril­məsinə xidmət edə bilər.
WUF13 irsinin QHT təşəbbüslərində davam etdirilməsi məsələsi isə forumun perspektiv əhəmiyyətini daha da artırır. Şəhərsalma, mədəni irsin qorunması, sosial inklüzivlik və ictimai iştirakçılıq kimi məsələlər yalnız dövlət qurumlarının fəaliyyəti ilə məhdudlaşmamalı, vətəndaş cəmiyyətinin də davamlı təşəbbüsləri ilə müşayiət olunmalıdır. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən Böyük Qayıdış prosesində QHT-lərin iştirakı xüsusi aktuallıq kəsb edir. Çünki bu prosesin mahiyyəti yalnız dağıdılmış infrastrukturun bərpasından və yeni yaşayış məntəqələrinin salınmasından ibarət deyil. Əsas məqsəd insanların doğma yurdla­rına qayıdışını təmin etməklə yanaşı, sosial, mədəni və iqtisadi baxımdan dayanıqlı icmaların formalaşdırılmasıdır.
Bu baxımdan, QHT-lərin təhsil, məşğulluq, sosial inteqrasiya, gənclərin inkişa­fı, qadınların ictimai fəallığının artırılması və mədəni irsin qorunması istiqamətində həyata keçirəcəyi layihələr Böyük Qayıdışın sosial məzmununu zənginləşdirə bilər. Başqa sözlə, fiziki quruculuqla yanaşı, ictimai həyatın canlandırılması və icma münasibətlərinin möhkəmləndirilməsi də prioritet olmalıdır.
Beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində irəli sürülən təşəb­büs­lər də Azərbaycanın vətəndaş cəmiyyəti sektorunun gələcək inkişafı baxımından strateji əhəmiyyətə malikdir. Qlobal Cənub QHT Platformasının yaradılması, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-ləri ilə əlaqələrin inkişaf etdirilməsi və beynəlxalq platformalarda daha geniş təmsilçilik Azərbaycanın qeyri-hökumət sektorunun beynəlxalq əlaqələr sisteminə inteqrasiyasını sürətləndirə bilər. Xüsusilə 2027-ci ildə Bakıda BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statusuna malik QHT-lərinin forumunun keçirilməsi planı ölkəmizin beynəlxalq vətəndaş cəmiyyəti dialoqunda mövqeyinin möhkəmləndirilməsi üçün mühüm fürsətdir.
Lakin beynəlxalq platformalarda təmsilçilik yalnız iştirakçı sayının artması ilə ölçülmür, Əsas məsələ Azərbaycan QHT-lərinin peşəkar potensialının, institu­sional imkanlarının və beynəlxalq müzakirələrə real töhfə vermək bacarığının artırıl­masıdır. Bunun üçün xarici dilləri bilən mütəxəssislərin hazırlanması, beynəlxalq layihələrin idarə edilməsi təcrübəsinin genişləndirilməsi, tərəfdaşlıq əlaqələrinin davamlı xarakter alması və QHT-lərin maliyyə dayanıqlılığının təmin edilməsi vacibdir.
Forumun yekununda Prezident İlham Əliyevə müraciətin qəbul edilməsi dövlətlə vətəndaş cəmiyyəti arasında əməkdaşlığın siyasi və ictimai əhəmiyyətini bir daha nümayiş etdirir. Bununla belə, QHT sektorunun inkişafı yalnız dövlət dəstəyinin həcmi ilə deyil, həmin dəstəyin hansı nəticələrə çevrilməsi ilə qiymətləndirilməlidir. Şəffaflıq, hesabatlılıq, layihələrin sosial səmərəliliyi, peşəkar idarəetmə və ictimai etimad bu sahədə uğurun əsas göstəriciləri olmalıdır. Dövlətin yaratdığı imkanlar QHT-lərin müstəqil təşəbbüsləri, məsuliyyətli fəaliyyəti və cəmiyyət qarşısında hesabatlılığı ilə tamamlandıqda əməkdaşlıq daha səmərəli xarakter alır.

Gəncədə keçirilən QHT-lərin IV Əməkdaşlıq Forumu Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına dair yeni yanaşmaların, prioritetlərin və əməkdaşlıq perspek­tivlərinin müəyyənləşdirilməsi baxımından əlamətdar hadisə kimi dəyərlən­dirilə bilər. Forumun müzakirələri göstərdi ki, müasir QHT sektoru yalnız sosial problemlərin həllinə dəstək verən ictimai institutlar sistemi deyil, eyni zamanda, milli maraqların müdafiəsində, ictimai diplomatiyanın inkişafında, beynəlxalq əmək­daş­lığın genişləndirilməsində və dövlətin strateji hədəflərinin reallaşdırıl­masında fəal iştirak edə biləcək mühüm ictimai qüvvədir.
Prezident İlham Əliyevin təşəbbüsü və dövlət siyasəti nəticəsində QHT sekto­ru­nun institusional inkişafı üçün yaradılan imkanlar vətəndaş cəmiyyətinin fəaliyyət dairəsinin genişlənməsinə əlverişli zəmin formalaşdırır. Lakin bu imkanların real nəticələr verməsi üçün dövlət dəstəyi ilə QHT-lərin təşəbbüskarlığı, müstəqil düşüncəsi, peşəkarlığı və ictimai məsuliyyəti arasında sağlam tarazlıq qorunmalıdır. Çünki güclü vətəndaş cəmiyyəti yalnız dövlətin dəstəyi ilə deyil, həm də cəmiyyətin etimadını qazanmış, şəffaf və nəticəyönümlü fəaliyyət göstərən təşkilatların mövcudluğu ilə formalaşır.

Bu gün Azərbaycanın qarşısında duran mühüm vəzifələrdən biri milli inkişaf strategiyasının həyata keçirilməsində dövlət institutları ilə yanaşı, vətəndaş cəmiy­yətinin də intellektual, təşkilati və sosial potensialından səmərəli istifadə etməkdir. Xüsusilə postmünaqişə dövründə Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi, Böyük Qayıdışın sosial əsaslarının möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və Azərbaycanın beynəlxalq aləmdəki mövqelərinin gücləndirilməsi bu əməkdaş­lığın əhəmiyyətini daha da artırır.

Deməli, QHT-lərin IV Əməkdaşlıq Forumunun əsas ideya və məzmununu dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlığın yeni keyfiyyət mərhələsinə yüksəldilməsi təşkil edir. Bu tərəfdaşlığın başlıca hədəfi dövlətin yaratdığı imkanları cəmiyyətin real ehtiyaclarına cavab verən təşəbbüslərə çevirmək, milli maraqlar ətrafında ictimai həmrəyliyi gücləndirmək və Azərbaycanın gələcək inkişafına vətəndaş cəmiyyətinin töhfəsini artırmaqdır. Dövlətin gücü ilə cəmiyyətin təşəbbüs­karlığının vəhdəti isə dayanıqlı inkişafın, ictimai birliyin və milli maraqların etibarlı müdafiəsinin mühüm şərtlərindən biridir.

 

Esmira Fuad, Əbədi Turan Kitab Fondunun sədri