ƏMİRLİKLƏRİN İQTİSADİ MARAQLARI VƏ SƏRBƏST HASİLAT SİYASƏTİ

0
970

OPEK-dən mümkün çıxış Rusiyanın dağılmasına hesablanıb?
Bu suala cavab vermək üçün ilk növbədə dünya neft siyasətinin sistemini başa düşmək lazımdır. OPEK 1960-cı ildə Bağdadda formalaşdırılıb. Onun əsasını Səudiyyə Ərəbistanı, İran, İraq, Küveyt və Venesuela qoymuşdu. Təşkilatın əsas məqsədi böyük neft ixrac edən ölkələri bir araya gətirmək və Qərbin iri neft şirkətlərinin dünya bazarında qiymətləri tam idarə etməsinin qarşısını almaq idi. Zaman keçdikcə OPEK dünya iqtisadiyyatına birbaşa təsir edən ən vacib maliyyə vasitələrdən birinə çevrildi. Lakin XXI əsrdə təkcə OPEK yetərli olmadı. Dünya enerji bazarında yeni böyük iştirakçılar formalaşdı və onların ən əhəmiyyətlilərindən biri də Rusiya idi. Xüsusilə buna görə 2016-cı ildə OPEK+ sxemi yaradıldı. Bu genişləndirilmiş ittifaq həm OPEK ölkələri, həm də təşkilata üzv olmayan, lakin qlobal neft bazarına təsir edən dövlətləri əhatə edir. Onların sırasında Rusiya, Azərbaycan, Qazaxıstan və digər ölkələr var. Əgər OPEK dünya neft sisteminin mərkəzi sayılırsa, OPEK+ artıq daha geniş enerji ittifaqı kimi qəbul edilir. Hazırda dünyanın diqqəti Birləşmiş Ərəb Əmirliklərinə yönəlib.
Niyə onlar OPEK-dən çıxmağı nəzərdən keçirirlər?
Səbəb olduqca sadədir — iqtisadi maraqlar. Birləşmiş Ərəb Əmirlikləri neft hasilatını artırmaq, infrastrukturu modernləşdirmək və ixrac imkanlarını genişləndirmək üçün milyardlarla dollar sərmayə yatırıb. Lakin OPEK kvotaları onların hasilat həcmini məhdudlaşdırır. Sadə dillə desək, Əmirliklər daha çox neft satmaq və daha çox gəlir əldə etmək istəyirlər. Bu qərar Rusiyaya zərbə vurmaq məqsədi daşımır. Bu, tamamilə milli iqtisadi maraqlarla bağlıdır. Insanlar bunu 1980-ci illərlə müqayisə edir. Həmin ərəfələrdə Ronald Reyqan administrasiyası Sovet İttifaqına qarşı təzyiqləri artırmışdı. O illərdə neft qiymətlərinin aşağı düşməsi sovet iqtisadiyyatının gücsüzləşməsinə təsir edən səbələrdən biri olmuşdu. Əfqanıstan müharibəsi, silahlanma yarışı, daxili iqtisadi qarışıqlıq, məhsul çatışmazlığı və sistem problemləri nəticədə SSRİ-nin dağılmasına gətirib çıxardı. Amma burada vacib bir məqam var: tarix nadir hallarda eyni şəkildə təkrarlanır. Bugünkü Rusiya artıq 1980-ci illərin sonundakı Sovet İttifaqı deyil. Sanksiyalardan sonra Rusiya enerji ixracının böyük hissəsini yeni bazarlara yön verə bildi. Çin və Hindistana ixrac ciddi şəkildə artdı. Türkiyə, İran, Asiya ölkələri, Afrika dövlətləri və qlobal cənub ölkələri ilə əməkdaşlıq genişləndi. Bəli, sanksiyalar Rusiya iqtisadiyyatına ciddi zərər yetirdi. Rusiya alternativ logistika marşrutları, alternativ idxal, yeni maliyyə mexanizmləri və yeni tərəfdaşlar vasitəsilə vəziyyətə uyğunlaşmağı bacardı. Əlbəttə, risklər mövcuddur. Əgər Səudiyyə Ərəbistanı hasilatı kəskin şəkildə artırarsa və neft qiymətləri ciddi şəkildə aşağı düşərsə, Rusiya gəlirlərinin müəyyən hissəsini itirə bilər. Bu isə dövlət büdcəsinə əlavə təzyiq yarada bilər. Amma burada başqa mühüm məqam da var: Səudiyyə Ərəbistanının özü də neft qiymətlərinin kəskin şəkildə azalmasında maraqlı deyil. Çünki ölkəyə öz böyük layihələrini, xüsusilə “Neom” meqalayihəsini maliyyələşdirmək üçün yüksək gəlirlər lazımdır.
Tarix həqiqətən təkrarlanmağı sevir. Tarix böhranların, çağırışların və yeni sınaqların davamlı dövrüdür. Lakin hər yeni təkrarlanma artıq fərqli şərtlər daxilində baş verir. Bu gün Rusiyanın rəhbərliyində Sovet İttifaqının dağılmasından çıxarılan tarixi dərsləri yaxşı bilən bir lider dayanır və keçmiş səhvlərin təkrarlanmaması üçün daha çevik siyasət aparmağa çalışır. Bu səbəbdən Birləşmiş Ərəb Əmirliklərinin OPEK-dən mümkün çıxışı dünya neft bazarı üçün mühüm hadisədir. Amma bunun avtomatik olaraq Rusiyanın dağılmasına səbəb olacağını demək ciddi şişirtmədir. Dövlətlər təkcə xarici təzyiqlə dağılmır. Dövlətlər o zaman dağılır ki, xarici təzyiq daxili zəifliklə üst-üstə düşür. Və məhz dövlətin daxili dayanıqlığı onun gələcəyini müəyyən edir.